Latıncadan təxmini mənası “müəllifin əksinə”, yaxud “təklif edənə qarşı” demək olan müqavilə şərh qaydası. İfadə “verba chartarum fortius accipiuntur contra proferentem” cümləsinin1 hüquqi təfsir məqsədləri üçün istifadə olunan qısaltmasıdır. Bu qaydaya görə məsuliyyət istisna edən və ya məhdudlaşdıran, ikimənalı və ya anlaşılmaz şərt həmin şərti tələb edən tərəfə (proferens) qarşı şərh olunmalıdır. Əgər müqavilədə məsuliyyəti istisna edən müddəalar ümumi yazılıbsa, məhkəmə bu qaydanı tətbiq etməklə həmin ümumi istisnaları məhdud tətbiq edəcək. Adətən, məsuliyyətini məhdudlaşdırmaq istəyən tərəf müqavilə ilə həm də bu qaydanın tətbini istisna etmək istəyir ki, birdən məhdudiyyət şərtlərini məhkəmə onun əleyhinə təfsir etməsin.