rebus sic stantibus

Latınca hərfi mənası təxminən “şeylər olduğu kimi” mənasını verir. Hüquqi olaraq isə razılaşma tərəflərinin müqavilə bağlayarkən razılığın əsasını təşkil edən şəraitin olduğu kimi qaldığı müddətdə sazişin keçərli olmasını, həmin şərait dəyişdikdə isə sazişin keçərsiz ola biləcəyini ehtiva edir. Şəraitin dəyişməsi müqavilənin xitamına o zaman əsas ola bilər ki, tərəflər dəyişilmiş şəraiti əvvəlcədən görə bilsəydilər həmin müqaviləni bağlamazdılar. Məsələn, aşağıdakı misala baxaq:

Beynəlxalq alqı-satqı müqaviləsi bağlandığı zaman tərəflər malın daşınma üsulu barədə razılaşmayıblar. Alınan mallar bir müddət dəniz yolu ilə daşınır. Lakin dəniz yollarında təchizat böhranı yarandığına görə satıcı quru yolu ilə malları çatdırmağa başlayır və bu əvvəlki yolla müqayisədə gecikmələrə səbəb olur. Alıcı şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyinə istinad edərək müqavilənin ləğvini tələb edir. Yuxarıdakı prinsip ciddi çərçivədə tətbiq olunarsa, dəniz yollarının bağlanması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunmayacaq. Çünki mümkün daşıma üsullarında, habelə təchizat yollarında problem çıxa biləcəyini tərəflərin əvvəlcədən görməli olmasını gözləmək ağlabatandır.

Beynəlxalq hüquqda müqaviləyə bağlılıq prinsipi olan pacta sunt servanda prinsipinə istisna kimi rebus sic standibus çıxış edir. Ümumi hüquq sistemlərində bu frustration institutunun bir elementi kimi bilinir və çox nadir hallarda məhkəmələr tərəfindən tətbiq edilir. Kontinental hüquq sistemlərində isə bu prinsip adətən mülki qanunvericilikdə öz əksini tapır. Azərbaycan Mülki Məcəlləsinin 422-ci maddəsi də bu haqdadır.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?