ehtiyatsızlıq

Mülki hüquq kontekstində şəxsin ağlabatan diqqəti göstərməməsi “ehtiyatsızlıq” kimi ifadə edilir.1 Ehtiyatsızlıq şəxsin elə davranışıdır ki, o, verdiyi qərarların, atdığı addımların başqalarını riskə atmasına məntiqli birinin göstərməli olduğu diqqəti göstərmir: məntiqli biri özünə ziyan dəyməməsi üçün hansı qayğını göstərirsə, başqalarına da eyni qayğı ilə yanaşmalıdır.2 Bu anlayış konkret olaraq yekun pozuntunu və nəticəni deyil, davranış və fəaliyyət boyu tədbirliliyi nəzərdə tutur. Kobud ehtiyatsızlıq ehtiyatsızlığın daha ağır və daha çox qanuni nəticə yaradan formasıdır.

Bu anlayış mülki məsuliyyət kontekstində qəsdlə birlikdə təqsirin tərkib elementidir. Azərbaycan Mülki Məcəlləsində “təqsir” ümumi tətbiq olunmaq üçün elementlərinə ayrılmasa da,3 doktrinanı nəzərə alaraq demək olar ki, qəsdi və ehtiyatsızlığı təqsirin elementləri kimi tanıya bilərik.

Qəsd pozuntu niyyətini ehtiva etdiyi halda, ehtiyatsızlıq yanlışlığı, diqqətsizliyi, təsadüfiliyi ehtiva edir. Digər hüquq sistemlərində də (məsələn, Almaniya, İsveçrə, ABŞ) bu konsepsiyalar niyyət (ingiliscə intent) və ehtiyatsızlıq (ingiliscə negligence) üzrə yaranan məsuliyyəti fərqləndirmək üçün istifadə edilir.

 

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?


    1. Almaniya Mülki Məcəlləsi Maddə 276(2); Ward Farnsworth, Mark F. Grady, Torts: Cases and Questions, Introduction – 1. The Scope of the Law of Torts.
    2. Ward Farnsworth, Legal Analyst 39.
    3. 448.2-ci maddədə qaydanın təbiətindən irəli gələrək “təqsir” bir az fərqli bölünür: “Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.”
    4. Wurmnest, Münchener Kommentar zum BGB, Vol. 2, 8th Edition 2019, § 309 No. 7 nos. 20; bura istinadı verən orijinal mənbə: TaylorWessing hüquq şirkəti tərəfindən yayımlanmış Guideline - Liabilities and Indemnities under German Law - keçidə son baxış: 14 noyabr 2022).